Agora – Analitik Kollektiv Azərbaycanda yerləşən 28 fərqli universitetdə təhsil alan 600 tələbə arasında sorğu keçirib. Sorğunun əsas məqsədi tələbələrin ali təhsil müəssisələrdə aldıqları təhsilin keyfiyyətindən və ali təhsil müəssisələrinin onlar üçün yaratdıqları imkanlardan məmnunluğunu öyrənməkdir.
Sorğu 8 noyabr – 23 dekabr 2023-cü il tarixlərində Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərlərində üz-üzə formatda keçirilib. Sorğu kvota nümunələndirməsi əsasında həyata keçirilib. Bu o deməkdir ki, sorğuda iştirak edənlər arasında cinslər, təhsilin ödəniş forması, ali təhsil müəssisəsinin Bakı və paytaxtdan kənarda yerləşməsi, universitetin dövlət və ya özəl olması kimi göstəricilər üzrə qeydə alınan xüsusi çəkiilər ölkə ortalaması ilə uyğunluq təşkil edir.
Sorğuda Bakı, Gəncə, Sumqayıt və Lənkəran şəhərlərində yerləşən və ölkədəki bakalavr tələbələrinin ən azı 1 faizinin təhsil aldığı universitetlərin tələbələri iştirak edib.
Bu tədqiqat Bakıda gənc qadınların sosial-iqtisadi, mədəni və gender məsələləri ilə bağlı təcrübələrini araşdırır.
Yaşı 15-39 arasında olan 385 respondent arasında keçirilmiş sorğunun məlumatlarına əsaslanan nəticələr tədqiqat iştirakçıların həyatının müxtəlif aspektlərini, o cümlədən iqtisadi rifah, sosial fəaliyyətlər, ictimai normalar haqqında təsəvvürləri, siyasi və sosial iştirakda üzləşdiyi çətinlikləri ehtiva edir.
Tədqiqatın nəticələri Bakıda gənc qadınlar arasında müxtəlif məşğulluq nümunələrini, gəlir səviyyələrini, asudə vaxtlarını və gender rollarına dair təsəvvürləri ortaya qoyur. Eyni zamanda tədqiqat gender əsaslı təqib, ayrı-seçkilik və sosial təzyiq kimi davamlı problemləri də işıqlandırır.
Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan ibtidai sinif (1–4-cü sinif) şagirdləri arasında gələcəkdə hansı peşəyə sahib olmaq istədikləri ilə bağlı sorğu keçirib. Sorğuda 861 ibtidai sinif şagirdi iştirak edib. Sorğunun əsas məqsədi ölkə üzrə ibtidai sinif şagirdlərinin gələcəkdə hansı peşələrə yiyələnmək istədiklərini müəyyənləşdirmək, eləcə də yaşayış yerinin (paytaxt və əyalətlər) və tədris dilinin (Azərbaycan, rus və ingilis) buna təsirini öyrənməkdir.
Sorğu 18 oktyabr – 18 noyabr 2023-cü il tarixlərində üzbəüz həyata keçirilib. Sorğuda iştirak edənlərin 46 faizi (392 nəfər) Abşeron yarımadasında, 56 faizi (469 nəfər) isə ölkənin digər bölgələrində yaşayan ibtidai sinif şagirdlərindən ibarətdir.
Sorğuda ümumilikdə 12 inzibati rayon və şəhərdə yaşayan ibtidai sinif şagirdləri iştirak edib. Sorğuya qatılan şagirdlərin 53 faizi oğlan (455 nəfər), 47 faizi (406 nəfər) qızlardır.
Agora Analitik Kollektiv ölkənin müxtəlif bölgələrində yaşayan 35 yaşadək şəxslər arasında rəy sorğusu keçirib. Sorğuda 400 respondent iştirak edib. Sorğunun əsas məqsədi Azərbaycanda gənc əhali arasında müxtəlif ölkələrə və iqtisadi-siyasi birliklərə qarşı münasibətlərin öyrənilməsidir. Sorğu çərçivəsində respondentlərin, həmçinin, Qarabağ münaqişəsi ilə bağlı düşüncələri öyrənilib. Sorğu 20 noyabr – 27 dekabr 2022-ci il tarixlərində hibrid metodlarla həyata keçirilib.
Respodentlərin bir hissəsi sualları üzbəüz müsahibələrlə cavablandırıb. Eyni zamanda, könüllülər sorğuda istifadə edilən sorğunun suallarından ibarət linki öz icmaları vasitəsilə yayıb (əsasən, sosial şəbəkələrdə müxtəlif mövzulu yerli qruplarda). Diqqət yetirilib ki, respondentlər gənc əhalinin sadəcə müəyyən seqmentləri ilə məhdudlaşmasın.
İctimai rəy sorğusunda iştirak edən respodentlərin 56 faizi Abşeron yarımadasında, 44 faizi isə ölkənin digər bölgələrində yaşayan şəxslərdən ibarətdir. Sorğuda ümumilikdə 12 iqtisadi və 29 inzibati rayonda (şəhərdə) yaşayan şəxslər iştirak edib. Sorğu iştirakçılarının 51%-i kişilərdən, 49%-i isə qadınlardan ibarət olub.